Uzman Dr. Fuad Hidayətovun rəsmi web səhifəsi

  • Gəncə Beynəlxalq Xəstəxanası
  • B.ertəsi - Şənbə / 09:00-17:00

Pterigium və Xalyazion

Pterigium və Xalyazion

Pterigium (gözə ət gəlməsi)

Pterigium (qanadabənzər pərdə) - gözün selikli qişasının qırmızı rəngli anormal böyüməsinə və onun əsasən, burun tərəfdən buynuz qişa ilə birləşməsinə deyilir. Xalq arasında gözə ət gəlməsi kimi tanınır.

Şikayətlər onun ölçülərindən asılıdır: pterigium nə qədər çox böyüyərsə, diskomfort (məsələn, gözlərin yaşarması, qıcıqlanması, qızarması və ya gözdə yad cismin olması hissi) bir o qədər artıq hiss edilir. Pterigiumun açıq havada normadan artıq olan və isti, küləkli iqlimdə yaşayan insanlarda əmələ gəlmə riski daha çoxdur.

Xəstəliyin diaqnostikası üçün yarıqlı lampadan istifadə olunur. Pterigiumun görmə oxuna yaxınlaşması, astiqmatizm, kosmetik problemlər yaratması zamanı cərrahi əməliyyat göstərişdir.

Xalyazion

Xalyazion - göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.

Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.

Xalazionun əmələ gəlmə səbəbi meybomi vəzilərinin axacaqlarının tutulmasıdır. Meybomi vəziləri gözləri nəmləndirən və qoruyan yağabənzər sekret hazırlayır. Həmin sekret həddindən artıq qatı olsa və yaxud meybomi vəzilərində əvvəllər hər hansı səbəbdən iltihabi proseslər baş veribsə xalazion əmələ gələ bilər.

Xalazion palpasiyada hərəkətli olur, dəriyə bitişmir. Dəridə şişkinlik, qızartı və toxunanda ağrı az olur. Bir neçə gündən sonra ağrı keçir, şişkinlik isə qalır. Təəssüf ki, xalazion təkrarlana bilər və ya başqa nahiyyədə yenisi əmələ gələ bilər.

Diaqnozun qoyulması üçün xüsusi testlər yoxdur və həkimin adi baxışı zamanı simptomlar əsasında qoyulur.